“İngilis dilini necə öyrənməli?” və ya “8 dildə danışmağın sirri”
Çox vaxt çox adam 8 dildə danışdığımı biləndən sonra mənə “sən necə bu qədər dildə danışa bilirsən? Necə öyrənmisən? Hansı kursa yazılım?” və s. tipli suallar verir. Mən də həmişə hər birinə həvəslə 10 dəqiqəlik səs atmaqdan zövq almışam, amma bundan sonra bu məqalənin linkini atmaqdan daha çox zövq alacağımı düşünürəm :) Və beləliklə, dilləri necə öyrənməli?
Çox adam var ki, illərlə vaxtını sərf edir, bir dil öyrənməyə çalışır, amma heç bir uğur qazana bilmir. Bu hekayələrlə yaxından tanışam, şəxsən mənə yazanlar da olub. Bu bir növ il boyu idman zalına gedib, amma düzgün formada məşq etmədən “niyə mənim presslərim yoxdu?” sualına bənzəyir. Əslində, düzgün yanaşma ilə dil öyrənmək göründüyü qədər çətin yox, hətta deyərdim asandı.
Mən hal-hazırda azərbaycan, rus və ingilis (səlis), türk, ispan, fransız (intermediate), alman və polyak (pre-intermediate) dillərində danışıram. Son 4-ünü sərbəst, müəllim yanına və ya kursa getmədən öyrənmişəm. Amma niyəsini soruşmayın, özüm də bilmirəm. Yəgin, bunu bacardığımı anladıqdan sonra “niyə də yox?” prinsipi ilə inersial olaraq növbəti dillərə keçmişəm. Və inanın mənə, bu mümkündü! Və goründüyü qədər çətin deyil!
Beləliklə, dil öyrənərkən nələrə fikir vermək lazımdı:
1) Dili işlədin!
Praktika, praktika və yenə də praktika. Bu ən qızıl qaydadı! Və eyni zamanda ən sadə. Gündəlik 10–15 press vurub, bədəni formada saxladığınız kimi, dil biliklərinizi də tonusda saxlamağınız vacib və mütləqdi. Məsələn, mən artıq 5 ilə yaxındır ki, demək olar hər gün bildiyim dillərin birində ya bir xəbər, ya məqalə oxuyuram, yeni sözlər öyrənirəm, xaricilərlə votsapda danışıram ki, dillər yadımdan çıxmasın. Buna gündəlik 15–20 dəqiqə də ayıra bilərsiz. Yəni, dil öyrənmək nə vaxtsa bitəcək bir proses deyil. Dil mütəmadi işlənməlidi!
2) Qrammatika öyrənməyin! Onunla tanış olun.
Bu ikinci qızıl qaydadı! Qrammatikaya sərf etdiyiniz vaxt (ən azından sadaladığım dillər üçün) 2 aydan çox olmamalıdı! (gündəlik bir saat məşqul olmaqla). Qrammatikanı öyrənmək, əzbərləmək yox, onunla tanış olmaq lazımdı, onun necə işlədiyini anlamaq lazımdı. Yadda qalmaq hissəsi dil işləndikcə özü-özünə baş verəcək.
HEÇVAXT İSTİSNALARI ƏZBƏRLƏMƏYƏ ÇALIŞMAYIN! BU ƏN BÖYÜK SƏHVDİ! İrregular verbs, idiomalar və s. — bunlar əzbərləməklə deyil, işlətməklə, gözün hər dəfə görməyi ilə, qulağın eşitməyi ilə yadda qalan şeylərdi. Ona görə heçvaxt onları əzbərləməyə çalışmayın. Onsuz da işlətmək istədiyiniz zaman yadınıza düşməyəcək :) Testlər filan faydalı olsa da, onların üstündə çox durmayın. Dili öyrənməkdən çox, işlətməyə çalışın (birinci qayda). O zaman hər şey əla olacaq! :)
Və əlbəttə ki, dili hiss edin. “Dilin içinə girin”. Nə isə demək istədiyinizdə heçvaxt beyninizdə mexaniki olaraq cümlənin düzgün konstruksiyasını qurmaq barədə düşünməyin! Necə bacarırsız, səhvlə də olsa — deyin! Mexaniki deyil, intuitiv danışın — dili hiss edin!
3) Özünüzə süni ətraf (environment) qurun! Öyrəndiyiniz dili səlis bilən dostlar tapın!
Təsəvvür edin siz USA-dasız. Heç bir kəlmə də bilmirsiz. Amma hər gün şəhərə çıxanda mağazaların şüşəsində, reklam şitlərində, divardaki elanlarda — hər yerdə ingilis sözləri görürsüz. İstər istəməz sözlər, heç mənasını bilməsəniz belə beyninizə hopacaq. Təbii ki, bu masa arxasında oturub, lüğətdən söz öyrənməkdən daha asandı. Məsələn, mən ingiliscə bir çox sözləri uşaqlıqdan bəri oynadığım PC oyunlarından öyrənmişəm. Amma hər kəsin USA-da yaşamaq kimi bəxti yoxdu. Ona görə, özünüzə süni enviroment qurun. Virtual USA yaradın.
Məsələn, mən ispan dili öyrənəndə bir çox Meksika səhifələrinə abunə olmuşdum. Hər gün qabağıma ispanca müxtəlif janrlarda müxtəlif statuslar çıxırdı. Və hər birini oxuyub, tərcümə edirdim. Hətta ispan dilində kommentlər yazıb, diskussiyalara girirdim. Beləcə yeni insanlarla tanış olub, saatlarla həmin dildə yazışıb, danışırdım. Danışarkən hər hansı bir sözü deyə bilmədiyimdə, hökmən tərcüməçidə o sözü axtarıb, qeyd edirdim. Danışıq bitdikdən sonra xeyli yeni söz ortaya çıxırdı. (sözlər barədə az sonra).
Native speaker-lə qızğın mübahisə etmək də dil öyrənmək üçün xeyirlidi. Məsələn, mən ingilis dilini hələ mükəmməl bilmədiyim halda, bir amerikan ilə dini mövzuda debat etmişdim. Proses o qədər maraqlı keçirdi ki, fikrim nəyi düz-səhv deməyimdə yox, mövzuda qalmışdı. Ona görə dilim açılırdı.
Heç kimi tapa bilmədikdə özünüzlə də danışa bilərsiz. Ciddiyəm. Yol gedəndə, çiməndə, evdə boş oturanda həyatınızda olan bir hekayəni öyrəndiyiniz dildə danışmağa çalışın. Bilmədiyiniz sözlərə tərcüməçidə baxın. Bir word fayl yaradıb, “bugünki günü necə keçirmisiz” və ya digər sevdiyiniz mövzuda həmin dildə məqalə yazın. Bu qrammatikamı möhkəmlədəcək və bilmədiyiniz yeni sözləri üzə çıxaracaq.
Aksenti düzəltmək üçün isə karaoke oxuyun. Mən uşaq vaxtı ingiliscə replər deyirdim və rep sürətli ritm ilə olduğundan məcbur idim eyni zamanda həm oxuyum, həm də dayanmadan oxuduğumu həzm edib, səsləndirim. Bu həm də, kitab, məqalə, xəbər mətnini sürətli oxuyub, qavramağa kömək edəcək. Ümmumiyyətlə mətn oxuyarkən, məsləhət görərdim ki, səsli oxuyasız.
4) Yeni sözləri necə öyrənməli?
Söz öyrənmək ən vacib olan hissələrdən biridi. İlk öncə onu qeyd edim ki, istəlinən dildə istəlinən sözü iki cür bilmək olar:
- Sözü bilirsən, amma işlətmirsən, çünki işlətmək istəyərkən yadına düşmür. Amma haradasa oxuyanda, görəndə yadına düşür və başa düşürsən. Təzə-təzə əksəriyyət sözlər bu cür yadda qalır.
2. Sözü bilirsən və işlədirsən. Sadə.
Və beləliklə…
1) Söz öyrənməyin ən gözəl yolu — sözləri mütəmadi işlətməkdi. Gündəlik onları görməkdi. Məsələn, mən hər səhər çay içə içə 5–10 dəqiqəmi ayırıb, qeyd etdiyim, mənə tanış olmayan sözlərin tərcüməsinə baxıram. Bunu 10 günə yaxın davam edirəm, hətta sözlərin artıq tərcüməsini bilsəm də. 11-ci gün bütün sözlər dəmir kimi yadımda qalır. Çalışın, hər növbəti gün tərcüməyə baxmadan, yalnız sözə göz atmaqla onun mənasını yadınıza salasız. Etiraf edim ki, öyrəndiyim sözlər rastıma çıxmadıqca, işlənmədikcə, bir-iki aya yaddan təmiz çıxır. Amma ilk gördüyünüzdə zəif də olsa yadınıza düşəcək. Və hər çıxdıqca biraz da yaxşı yadda qalacaq.
Əgər siz bir dili bilib, oxşar dil öyrənirsizsə — mütləq deyil ki, sözləri əzbərləməklə öyrənəsiz. “Çevirmələr edin”. Məsələn, mən ispan və ya fransız dilində bir sözü bilməyəndə, ingiliscəsini tapıb, onu “ispanlaşdırıram”. Deyək ki, “tez” sözü ispanca necə olur yadımdan çıxıb. Amma bilirəm ki, ingiliscə “rapid” gedir. Sözün axrına “-mente” artıraraq “rapidamente” alıram — fantastika! (və ya “-ment” artırıb fransızca “rapidement” alıram). Belə “çevirmələr” bəzən isimlərlə də alınır. Məsələn, “adaptor” fransızca “adapteur” (adaptöğ) olacaq. “Moderator” — “moderateur” (moderatöğ). Artıq siz fransızca bilirsiz! Deyin görüm “aktyor” necə olacaq? — düz tapdınız! — “acteur” (aktöğ). Odur ki, kreativ olun, səhv etməyə risk edin və sözləri bildiyiniz kimi işlədin!
2) Sözlərə qarşı çox acgöz olun. Harada sizə tanış olmayan söz görsəz — həmin andaca onu haradasa qeyd edin. Bir sözü belə qaçırmayın! Gündəlik çoxlu məqalələr, xəbərlər oxuyun. Bu həm bildiyiniz sözləri təkrarlamağa kömək edir, həm də bilmədiyiniz sözləri aşkarlamağa səbəb olur. Lüğəti açıb, oradan dalbadal sıra ilə sözlər öyrənməyin! Kontekstdə öyrənin! Filmlərə baxarkən, altyazılarda bir söz olsa belə tanış gəlmədisə — dərhal qeyd edin. Məsələn, mən bir dəfə metroda kiminsə köynəyinin üstündə mənə tanış olmayan söz görmüşdüm. Dərhal telefonumda qeyd edib, evə çatanda tərcüməçidə baxmışdım — indiyə kimi o söz yadımda qalıb. Bu “vague” sözü idi :)
3) Filmlərə, videolara tez-tez baxın! Sözü kontekstdə görmək və eyni zamanda eşitmək — onun yadda qalmaq ehtimalını xeyli artırır. Məsələn, “astonish” (heyrətləndirmək) feli sadəcə lüğətdə görməklə daha yaxşı yadda qalar, yoxsa Stiv Cobsun, epik bir musiqi altında kompüterə baxıb “I was astonished by that magic…” deməsi ilə? :)
4) Mahnılar dinləyin, xəbərləri oxuyun. Söz öyrənmək üçün ən gözəl instrument mediadı. Mahnılar dinləyin, sözlərini əzbərləyin. Mahnı ilə söz əzbərləmək daha asan baş verir. Əminəm, siz uşaqlıqda dinlədiyiniz mahnıların sözlərini hələ də əzbərdən xatırlayırsız. Şeirlər oxuyun. Xəbərlər, məqalələr oxuyun. Oxumaq, oxumaq, yenə oxumaq! :)
5) Gördüyünüz işdən həzz alın
Bu da ən vacib məqamlardan biridi. Əgər sizin dil öyrənmək həvəsiniz və niyyətiniz yoxdursa — elə indi dayanın və boşuna enerji ilə vaxtınızı itirməyin. Çünki, həvəsin olması olduqca vacib və böyük amildi. Mən ingilis dilindən kursa gedəndə, müəlliməmiz Kaliforniyadan gəlmiş Judy adında bir qadın idi. Bizə dedi ki, biz sizə ingilis dilini öyrənməkdə 20% köməklik edə bilərik, qalan 80% sizdən aslıdı. Yəni, onlar itələyirlər, sən gedirsən. Sən tənbəlcəsinə yerində uzansan, nə qədər itələsələr də, az xeyri olacaq. Bir yerə qədər sürünəcəksən, yenə yapışıb yerdə qalacaqsan. Sən ayağa qalxıb, verilən təkanla birlikdə özün də irəliyə addımlasan — təbii ki, zamanla uğur qazanacaqsan! Odur ki, həvəsiniz yoxdursa — qalan heçnə önəmli deyil. Həvəsiniz varsa — dayanmayın. Kursa getmək ümmumiyyətlə şərt deyil. Məsələn, mən ingilisdən başqa öyrəndiyim dillər üçün heç bir kursa getməmişəm — internet və kitablarla öyrənmişəm. Çünki həvəsim olub! Həvəsin olması çox vacibdi. Təkrar edirəm — əgər həvəsiniz yoxdursa, ya özünüzdə həvəs yaradın, ya da boşuna dalınca getməyin. Bir də bir dili bildikdən sonra digərinə keçmək xeyli asan olacaq və sizi biraz da həvəsləndirəcək. Çünki, bir çox eyniköklü dillərin qrammatikası eyni, sintaksisi fərqli olur. (Məsələn, ispan dilindən fransıza keçmək, bir növ Java-dan C#-a keçmək kimidi.)
Kursdan söz düşmüşkən…hansı kursa getmək barədə xüsusi tövsiyyələrim yoxdu. Əsas odur, getdiyiniz kursda yalnız ingiliscə danışılsın, stol arxası hazırlıqdan çox, interaktiv əyləncə ilə dil öyrədilsin. Ümmumiyyətlə mən bacardıqca masa arxasında nə isə öyrənməkdən çəkinirəm və sizə də çəkinməyi məsləhət görürəm. Çalışın, ara vaxtlarda öyrənin: dayanacaqda avtobus gözləyərkən, metroda harasa gedərkən, mağazada növbədə durarkən və s. Məsələn, mən yuxarıda göstərdiklərim proseslərdə daim telefonu açıb hər hansı bir xarici dildə məqalə ya xəbər oxuyub, sözlər çıxardıram. Və bildiyim sözlərin əksəriyyətini məhz belə öyrənmişəm. Çox fikir verməsək də, amma ara vaxtlarda xeyli vaxtımız gedir və bunu çalışaq faydalı sərf edək. Həm də, son xəbərlərdən məlumatlı olursuz :)
Bu qədər :)
Beləliklə, əsas məqamları paylaşdığımı düşünürəm, yadıma düşdükcə də əlavələr edəcəm. Yuxarıda göstərilən tövsiyyələr demək olar istəlinən dili öyrənmək üçün keçərlidi. Sual verməkdən çəkinməyin. Uğurlar! :)